ADR Hərəkatı bəyan edir ki, xalqımız yaranmış durumla heç vaxt barışa bilməz...

 Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Dağlıq Qarabağ və işğal olunmuş ərazilərimiz ətrafında cərayan edən son hadisələrlə bağlı bəyanatı

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və qırıcı təyyarəmiz radarlardan itib. Nəticədə təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Tarix boyu və SSRİ dağıldıqdan sonra da Azərbaycan ərazilərinin davam edən işğalının birbaşa təşkilatçısı olan, Azərbaycanın milli maraqlarına daim təhdid yaradan bir dövlətdən – Rusiyadan silah-sursat və hərbi təyyarələrin alınması ölkəmizi ciddi təhlükə altında qoyur. Məhz Xəzərdə təlim məşqləri keçən təyyarəmizin itkin düşməsində Rusiya hərbi naviqasiya sistemlərinin rolunun olması haqda ciddi şübhələr mövcuddur.
5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində at oynadan cinayətkar qurumun iştirakı ilə qondarma “Pan-Ermənistan oyunları”nın açılış mərasimi keçirilib. Bu tədbirdə Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq hüquqa zidd və xalqımızın qüruruna toxunan bəyanatla çıxış edib.
ADR olaraq bəyan edirik ki, Azərbaycan Respublikası işğal olunmuş əraziləri daxil olmaqla vahid suveren dövlət kimi öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təəssüflə qeyd edirik ki, bütün baş verən bu biabırçı hadisələri Azərbaycan hakimiyyəti seyrçi qismində və susqunluqla izləməkdədir. Çünki səbatsız və Rusiya hakimiyyətinin birbaşa təsiri altında olan Azərbaycan iqtidarı Rusiya hakimiyyəti ilə qaranlıq əlaqələri fonunda əslində öz korporativ maraqlarını düşünür, korrupsiya, çirkli pulların yuyulması kimi beynəlxalq cinayətlərdə Rusiya ilə həmrəydir və öz hakimiyyətinin dayağını da bilavasitə Putin hakimiyyətində görür.
ADR Hərəkatı bəyan edir ki, xalqımız yaranmış durumla heç vaxt barışa bilməz.
Hesab edirik ki, Azərbaycanın inkişafının və milli təhlükəsizliyinin qarantı ilk növbədə vətənimizin işğal edilmiş ərazilərini azad etmək, AvroAtlantik məkanla, o, cümlədən Türkiyə Cümhuriyyəti ilə normal münasibətlər qurmaq və Rusiyanın siyasi təsir dairəsindən uzaqlaşmaqdan ibarətdir. Bütün deyilənləri nəzərə alaraq Azərbaycan hakimiyyətini indiki gərgin vəziyyətdə öz tarixi məsuliyyətini dərk etməyə, qeyd olunan istiqamətdə əməli addımlar atmağa, ölkəmizin ayrılmaz hissəsi olan Qarabağda erməni vəhşiliyinə və işğalına son qoymağa çağırırıq.

06 Avqust 2019-cu il 
Bakı şəhəri

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}