Əsas Səhifə > Dünya > Pandemiya yenidən vüsət alır – Əksər ölkələrdə yoluxma və ölüm halları sürətlə artır

Pandemiya yenidən vüsət alır – Əksər ölkələrdə yoluxma və ölüm halları sürətlə artır


27-07-2020, 21:52

 

Dünyanın bir sıra ölkələrində səhiyyə rəsmiləri koronavirus pandemiyasının yenidən yayılması ilə mübarizə aparırlar. Artıq virus 650 min nəfərin həyatına son qoyub.

Şəffaflıq.az ”Azadlıq” radiosuna istinadən xəbər verir ki, Çin apreldə virusu nəzarətə alandan bəri ən böyük gündəlik yoluxmanı qeydə alıb. İspaniya, Fransa və Almaniya daxil Avropanın bir sıra ölkələrində yoluxmalarda artım tendensiyası görünür.

Birləşmiş Ştatlarda isə pandemiya səngiyənə oxşamır, 4,2 milyon yoluxma, 147 min ölüm qeydə alınıb. Beş günlük orta ölü sayı mindən çoxdur. Virus cənub və qərb ştatlarında yayılmaqdadır. Ölkəüzrə gündəlik yeni yoluxmalar 68 min civarında, ümumi yoluxma sayı isə 4,2 milyona yaxındır.

Dünya üzrə yoluxma sayı 16 milyonu, Latın Amerikası və Karibdə 4,3 milyonu keçib. Ancaq regionun demək olar bütün ölkələri təkrar acılıma gedir. Çin 61 yeni yoluxma aşkarlayıb, əksəriyyəti uzaq qərb Sintzyan (Sincan) regionundadır. Paytaxt Urumçi və digər yerlərdə hakimiyyət kütləvi testlər aparır. Urumçinin bəzi yerlərində karantin elan olunub.

Çində son bir ayda yüzlərlə asimptomatik hal təsdiqlənib, minlərlə sakin müşahidə altına alınıb. Bu arada ölkənin böyük hissəsi acılıma gedir.

Avropanın bir sıra ölkələri karantini qaldırandan, yay səyahətinə icazə verəndən sonra yoluxmalarda artımla üzləşib.

İspaniya virusun təkrar yayılmasını önləməyə çalışır. Bəzi ölkələr İspaniyaya tətildən qayıdan vətəndaşlarına səyahət qadağaları tətbiq ediblər.

Almaniyada yoluxmaların bir qismi Macarıstan, Rumıniya, Bolqarıstan və Ukraynadan gedən miqrant fəhlələrdə aşkarlanıb.

Hakimiyyət fermer sahələrindəçalışan 174 nəfərdə virus tapıdlığını bildirib.

Avropanın digər ölkələri ilə müqayisədə Almaniyada vəziyyət nisbətən yaxşıdır, indiyədək 190 min yoluxma, 9 minədək ölüm qeydə alınıb.

Bu arada müsəlman ölkələri iyulun 31-də başlanacaq Qurban bayramına hazırlaşmaqdadır.

İraq hökuməti bildirib ki, iyulun 30-dan avqustun 9-dək 10 günlük komendant rejimi tətbiq edəcək.

Pakistanın səhiyyə rəsmiləri xəbərdarlıq ediblər ki, əhali bayram zamanı sosial məsafə qaydalarına əməl etməsə, ötən ay səngimiş yoluxmalar yenidən arta bilər. Digər müsəlman ölkələrinin də qadağalar tətbiq edəcəyi gözlənir.

Geri qayıt