Marsa ilk ərəb kosmik missiyası göndəriləcək


 

İyulun 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kosmik missiyası Marsa göndəriləcək.

Bu barədə BƏƏ-nin Yüksək Texnologiyalar naziri Sara Əl-Əmiri deyib.

Nazirin sözlərinə görə, gələn ay qırmızı planetin orbitinə göndəriləcək kosmik gəmi Marsa 2021-ci ilin fevralında – BƏƏ-nin yaradılmasının 50 illik yubileyində çatacaq. Ərəb ölkələri arasında ilk missiyanın layihəsi əmirliklərin Məhəmməd Bin Rəşid Kosmik Mərkəzinin ABŞ-ın Kolorado, Berkli və Arizona universitetləri ilə əməkdaşlığı şəraitində 2014-cü ildən həyata keçirilir.

Sara Əl-Əmiri Mars missiyası ilə əlaqədar keçirilən vebinarda bildirib ki, qırmızı planetə uçuş BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi, habelə mühəndislik və texnologiyanın inkişafı baxımından əhəmiyyətlidir. O əlavə edib ki, kosmik gəminin buraxılışa hazırlanması apreldən başlayaraq Yaponiyada həyata keçirilib. BƏƏ-nin missiyası Marsın atmosferini və havasını tədqiq edəcək, Yerə məlumatlar isə gələn ilin avqust-sentyabr aylarında göndəriləcək.

Nazir diqqətə çatdırıb ki, son 60 il ərzində Marsa 6 ölkə kosmik missiya göndərib və onların yarısı uğursuzluqla nəticələnib. Kosmosa artıq 2 peyk və Beynəlxalq Kosmik Stansiyaya bir astronavt göndərən BƏƏ Mars missiyasının uğurla həyata keçiriləcəyinə inanır.

Qeyd edək ki, ABŞ, Çin, Avropa Kosmik Agentliyi və Rusiyanın “Roskosmos” agentliyi də Marsa missiya göndərməyi planlaşdırır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}