Brazilyada koronavirus kabusu: ilginc faktlar

 

Hələ ki, vaksini tapılmayan koronavirus (Covid-19) infeksiyasına dünyada yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı son statistikaya görə 5 milyon 559 min 788 nəfərdir, 348 min 420 nəfər isə bu virusdan dünyasını dəyişib. İndiyə qədər dünyada müalicə alaraq koronavirusdan sağalanların sayı 2 milyon 333 min 710 nəfərdir.

Dünya üzrə ən çox yoluxma ABŞ-dadır. İndiyə qədər bu ölkədə 1 milyon 698 min 311 min nəfər koronavirusa yoluxub, 99 min 646 nəfər isə bu virusdan dünyasını dəyişib.

ABŞ-la digər ölkələrin arasında həm ölüm, həm də yoluxma sayında ciddi fərq olsa da, ABŞ-dan sonra  ikinci yerdə gələn Brazilyada da yoluxma sayı sürətlə artır. Son günlər Brazilyada koronavirusa yoluxma ilə bərabər, ölüm sayında da ciddi artımlar qeydə alınır. Məsələn, ötən gün bu ölkədə 16 min 220 nəfər yoluxma, 703 nəfər isə ölüm qeydə alınıb.

Ən qəribəsi odur ki, bu ölkədə ölənlərin əksəriyyəti gənc və orta yaşlı insanlardır. Açıqlanan məlumatlardan belə aydın olur ki, Brazilyada gənclər arasında koronavirusa yoluxma halları artan xətt üzrə davam edir.

Halbuki, koronavirus barəsində danışan tibb  sahəsi üzrə alimlər bildirirdilər ki, bu virus yaşlılar üçün daha risklidir. Buna görə də əksər ölkələrdə yaşlı insanların küçəyə çıxmasına qadağa qoyulmuşdu.  

Epidemiyanın ən çox Sao Pauolo şəhərində yayıldığı bildirilir. 210 milyon əhalisi olan ölkədə gündəlik koronavirusdan minə yaxın ölüm baş verir və rəsmilər bildirirlər ki, onlar artıq ölənləri dəfn etməyə belə çətinlik çəkirlər.

Baxmayaraq ki, ABŞ-da da koronavirusa yoluxma tüğyan edir, ancaq Birləşmiş Ştatlar özünü Brazilyadan qorumaq üçün qərarlar qəbul edib. Belə ki,  ABŞ Prezidenti Donald Tramp  Braziliyaya son 14 gün ərzində səfər etmiş əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasını qadağan edib.
Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Keyli Makinani öz açıqlamasında deyib.

“Bu gün prezident ölkəmizin mühafizəsi üçün qəti addımlar ataraq, ABŞ-a gəlmək üçün müraciət etməzdən əvvəl 14 gün müddətində Braziliyada olan xarici vətəndaşların girişini dayandırdı. Bugünkü aksiya Braziliyada olan əcnəbilərin ölkəmizdə əlavə virus mənbəyinə çevrilməməsinə zəmanət verəcək. Bu yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-la Braziliya arasında ticarət dövriyyəsinə təsir etməyəcək”, - Makinaninin açıqlamasında belə deyilir.

Braziliyada komendant saatlarını ciddiyə almayan və sağlamlığının qeydinə qalmayan prezident Jair Bolsonaro əhali tərəfindən qınağa tuş gəlib. İnsanlar xəstəliyin yayılmasında onu günahkar bilirlər.

Onu da bildirək ki, Jair Bolsonaro bundan öncə də "pis iqtisadiyyat virusdan daha təhlükəlidir" fikirləri ilə gündəmə gəlmişdi.
Dünyada bəzi araşdırmaçı qruplar tərəfində iddialar var ki, ölkədə yoluxma sayı rəsmi açıqlanandan xeyli yüksəkdir. Lakin bu iddialar kornkret faktlarla sübuta yetirilməyib...

Bununla belə koronavirusun yeni mərkəzinin Brazilya olduğu açıq şəkildə görünür. Proqnozlaşdırılır ki, Brazilyada yoluxma və ölüm sayı hələ bir müddət də artan xətt üzrə davam edəcək...

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}