Ukraynada deputatların toxunulmazlığı ləğv edildi – Prezidentə də şamil oluna bilər

 


Ukraynanın yeni parlamentinin qəbul etdiyi ilk qərarlardan biri deputat toxunulmazlığının ləğvilə bağlı olub.

Şəffaflıq az “AzPolitika.info”-ya istinadla xəbər verir ki, Ali Radanın sentyabrın 3-də keçirilən iclasında deputat statusu ilə bağlı Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bu dəyişiklik qanundakı deputatların Ali Radanın icazəsi olmadan saxlanılmasını, həbsini, onlara qarşı cinayət işi qaldırılmasını qadağan edən müddəanı qüvvədən salıb. Beləliklə də, millət vəkilləri yalnız təhqir və böhtan istisna olmaqla, parlamentdəki çıxışlarına və səsvermənin nəticələrinə görə məsuliyyət daşımayacaqlar. Qalan məsələlərdə sıravi vətəndaşlarla eyni hüquqlara malik olacaqlar.

Yeni qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Maraqlıdır ki, iclasda iştirak edən 404 deputatın 373-ü dəyişikliyin lehinə səs verib və onların arasında hazırda müxalifətdə olan sabiq prezident Pyotr Poroşenkonun partiyasının nümayəndələri də olub. Yalnız Rusiyameylli qüvvələrin birləşdiyi blokun təmsilçiləri istisna olmaqla, müxalif deputatlar bütünlüklə yeni qanunu dəstəkləyiblər.

Onu da qeyd edək ki, hələ ötən ay parlamentin yeni spikeri Dmitri Razumkov təkcə deputatların deyil, prezidentin və məhkəmə hakimlərinin də toxunulmazlığının ləğv olunmasını təklif etmişdi. Spiker hesab edir ki, belədə hər kəs qanun qarşısında bərabər olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}