Əsas Səhifə > Cəmiyyət > Ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri təqdirəlayiqdir

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri təqdirəlayiqdir


5-07-2020, 19:41

 

Hal-hazırda bütün dünya - heç bir ölkənin hazır olmadığı dəhşətli bir epidemiya ilə mübarizə aparır. Qlobal infeksiya çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini ciddi iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də üz-üzə qoymuşdur. İnkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələr hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır.

Ancaq digər ölkələrdən fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacarır. Prezident İlham Əliyevin qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq olur. Son illərdə iqtisadi inkişafı ilə dünya səviyyəli bir ölkəyə çevrilən Azərbaycan, çətin vəziyyətin fonunda koronavirusla mübarizədə də ön plana çıxır. Belə ki, Cənab Prezident İlham Əliyevin ağıllı siyasəti nəticəsində Azərbaycan dünyanın bir çox ölkələrinə nümunə göstərilir. 
Lakin dünyanın üzləşdiyi bu çətin vəziyyətdə təəssüf ki, bəzi Qərb ölkələri və beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilən və dəstəklənən "5-ci kolon" un Azərbaycandakı nümayəndələri mövcud çətin və arzuolunmaz vəziyyətdən öz məqsədləri üçün istifadə edirlər. Bu çətin zamanda insanlarla həmrəy olmaq əvəzinə, “rəhbərlərindən” təlimat alan "5-ci kolon" un nümayəndələri iyrənc hərəkətlərini davam etdirir və ölkəmizdə görülən işləri ləkələməyə çalışırlar. "Beşinci kolon" un nümayəndələri təbii ki, ölkədə atılan müsbət addımlardan bəhs etmirlər. Çünki bunlar Azərbaycan hökumətinin koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə üçün atdığı profilaktik addımları görmür, hər zaman buna qarşı öz mənfur mövqelərini sərgiləyirlər.

Prezident Cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkədə təhsil müəssisələrində təlim-tədris prosesinin, ardınca bütün kütləvi tədbirlərin dayandırılması, o cümlədən, pandemiyanın (COVİD-19) geniş yayıldığı ölkələrlə sərhədlərin bağlanması atılan müdrik addımlardan idi. Dünya ölkələrinin pandemiya dövründə iqtisadiyyata və sosial sahəyə dəstək tədbirləri üzrə mövcud olan təcrübələrə nəzər salanda görürük ki, Azərbaycan pandemiya dövründə bütün istiqamətlərdə digər bir çox ölkələrlə müqayisədə daha əhatəli və çox istiqamətli iqtisadi və sosial dəstək proqramları həyata keçirmişdir. Yəni ölkəmizdə iş yerlərinin qorunması, işçilərin əməkhaqqılarının maliyyələşdirilməsi, işsizlərə, xüsusi karantin rejimi dövründə qazancını itirmiş qeyri-formal məşğul şəxslərə və heç bir gəliri olmayan digər həssas kateqoriyaya aid olan aztəminatlı şəxslərə birbaşa pul şəklində birdəfəlik ödəmənin verilməsi, məşğulluq imkanlarının artırılması üçün proqramların işə salınması, sosial müdafiə, sosial yardım və işsizlikdən sığorta ödənişi proqramlarının genişləndirilməsi, sahibkarların dəstəklənməsi və digər zəruri istiqamətlərdə geniş miqyasda işlər aparılmışdır.

Sonda vurğulamaq istərdim ki, xalq-dövlət həmrəyliyinin bu günlərdə daha da güclənməsi və ölkə rəhbərliyinin qətiyyətli mövqeyi sayəsində ölkəmiz bu bəladan çox yaxın zamanda xilas olacaqdır.

Gənc İctimai fəal
Gəray Zeynallı

Şəffaflıq.az 
Geri qayıt