Ayaz Mütəllibov Azərbaycan xalqını Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi…

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə xalqımızı və planetin müxtəlif guşələrində yaşayan azərbaycanlıları təbrik edib.
“Xalqımızı, eləcə də dövlət rəhbərliyini hər iki bayram münasibətilə təbrik edir, növbəti ildə ümummilli problemlərimizin həllində, o cümlədən işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə uğurlar diləyir, birlik, həmrəylik, yenilməz güc arzulayıram. 
31 Dekabr - Həmrəylik bayramı Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin taleyində önəmli rol oynayır.  Dünyanın müxtəlif qitə və ölkələrindəki soydaşlarımızın varlığı bizə  inam və güc verir. Qarabağın işğaldan azadlığı naminə ölkədaxili və xaricdəki birliyimizi möhkəmləndirməli, eləcə də diaspor və lobbi fəaliyyətimizi gücləndirməliyik. Tarix göstərir ki, yalnız əsl birlik və həmrəylik nümayiş etdirə bilən xalqlar öz müstəqillikləri və dövlətçiliklərini qoruyur, problemlərini həll edir, amal və məqsədlərinə çataraq tarixdə silinməz iz qoyurlar.  
Azərbaycanın müstəqil dövlətçiliyə malik olması, son onilliklərdə qlobal layihələrdə iştirakı sayəsində beynəlxalq aləmdə və regionda nüfuz qazanması, Qarabağ məsələsinin həlli istiqamətində konstruktiv mövqe tutması bu günümüz və  gələcəyimiz üçün önəmli dəyərlərdir. 
2020-ci il həm də növbədənkənar parlament seçkiləri ilidir. Deputatlığa namizədliyini irəli sürmüş hər bir Azərbaycan vətəndaşına 9 fevral  seçkilərində müvəffəqiyyət arzulayır, qanunverici orqanın - Milli Məclisin yeni formalaşacaq tərkibinə öncədən uğurlar diləyirəm.
Ümid edək  ki,  respublika və bəşəriyyət miqyasında ümummilli birliyimizi qoruyub saxlamaqla 2020-ci ildə ümdə problemlərimizin həllinə, iqtisadiyyatımızın, milli ordumuzun daha da gücləndirilməsinə, o cümlədən  üçrəngli bayrağımızın işğal altındakı torpaqlarımızda dalğalanmasına nail olacağıq. Hər şey Allahın  əlindədir!.. Ümidsiz ola bilmərik...
Bir daha hər kəsi Həmrəylik günü və  Yeni il münasibətilə təbrik edir, şəxsi, ailəvi və ictimai həyatda uğurlar diləyirəm” - deyə sabiq dövlət başçısı hər bir söydaşımıza öz ürək sözlərini çatdırıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}