“Heydər Əliyevin göstərişindən sonra həmin kitab 20 min tirajla çap edildi” - MARAQLI...

 Azərbaycan oxucuları, o cümlədən mən böyük bir yazıçını, unudulmaz bir insanı itirdik və yana-yana onun həyatı səssiz-səmirsiz tərk etməsinə təəssüfləndik. 
 Şəffaflıq.az bildirir ki,bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. X.Qoca saytımıza Əlibala müəllimlə bağlı xatirələrini də danışıb:
“Dostum Əlibala Hacızadənin əsərlərini gəncliyimdə sevə-sevə oxuyurdum. Oxuduqca da onu görmək istəyirdim, onunla tanış olmağı özümə şərəf bilirdim. Tale belə gətirdi ki, arzuma çatdım, həyatdan getməmişdən 10-15 il əvvəl tanış və dost olduq. Ömrünün axırına yaxın iş adamı Gülağa Tənhanın köməkliyi ilə çap etdirdiyi 10 cildlik əsərlərini mənə bağışladı. İndi o kitabları evimdəki kitabxanamda saxlayıram və hər dəfə götürüb vərəqləyəndə onunla bağlı xatirələrim, söhbətlərim yadıma düşür. O, böyük yazıçı olmaqla yanaşı, böyük qəlbə malik, sadə, təvazökar insan idi. Onunla görüşməyin özü insana böyük zövq verirdi. Çünki, xoş bir aurası vardı, danışığı ilə adamın ürəyinə girirdi. Xarici ölkələrin birində tərcüməçi işləmişdi. Azəraycan Dövlət Universitetində dərs deyirdi, tələbələrinin də sevimlisi idi. 
Yazıçının "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş..." trilogiyasını Azərbaycanda az adam tapılardı ki, oxumasın. Əsərlərini oxuduqca, sinəsində böyük ürək döyünən insan obrazını görürdük. Bir dəfə rəhmətlik Heydər Əliyev rayonların birində kənd zəhmətkeşləri ilə görüşəndə soruşub ki, "nə çətinliyiniz, nə dərdiniz var?" Camaat ondan bircə xahiş edib: "Əlibala Hacızadənin "İtkin gəlin" kitabını bütün kənd camaatı növbə ilə oxuyurlar, artıq vərəqləri solub, cırılıb. Mümkünsə, o kitabın yenidən çap olunmasını sizdən xahiş edirik." Heydər Əliyev Bakıya qayıtdıqdan sonra tapşırıq verib ki, həmin kitabdan 20.000 tirajla buraxsınlar. Əlbəttə, kənd camaatı bundan çox məmnun qalıb. Ümumiyyətlə, Əlibala Hacızadə oxucuların böyük hörmətini qazanmışdı. Bir dəfə ondan soruşdum ki, "niyə sizə heç bir fəxri ad vermirlər?" Dedi "doğrusu, özüm də bilmirəm..." Təəssüf ki, belə sevimli sənətkarlar bəzən unudulur. Bir dəfə məni evinə və evlərinə yaxın yerdə düzəltdiyi kiçik bagına apardı. Kollardan çəpəri var idi. Soruşdum burada nə edirsiniz, dedi ki, "yazılarımın çoxunu burada yazmışam. Bura sakitlikdir." Sadə, mütəvazi həyat sürürdü. Heç kimdən giley-güzar etmirdi, "buna da şükür!"deyirdi. Bir gün səssiz-səmirsiz həyatı tərk etdi. Azərbaycan oxucuları, o cümlədən mən böyük bir yazıçını, unudulmaz bir insanı itirdik və yana-yana yoxluğuna təəssüfləndik. Əlibala Hacızadənin doğum günündə mən onun haqqında danışmağı özümə borc bildim”. 
шаблоны для dle 11.2


Facebook-da paylaş